“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı”na bakalavriat və doktorantura səviyyələri üzrə qəbulun nəticələri açıqlanıb.
Bu barədə bu gün, iyulun 29-da Elm və Təhsil Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilir ki, müsabiqənin nəticələrinə əsasən ümumilikdə 144 nəfər Dövlət Proqramına qəbul olunub. Onlardan 125 nəfəri bakalavriat, 19-u isə doktorantura səviyyəsi üzrə Seçim Qaydalarına aid meyarlara uyğun sayılıb.
Dövlət Proqramı iştirakçıları dünyanın 33 ali təhsil müəssisəsində təhsil alacaqlar. Nazirliyin bildirməsinə görə, bu siyahıda "Stanford University", "University of California, "Berkeley", "National University of Singapore", "ETH Zurich", "University of Cambridge", "University of Oxford", "University of Hong Kong", "Istanbul Technical University" və "Seoul National University" də yer alır.
Dövlət Proqramı çərçivəsində bakalavriat səviyyəsində müsahibə mərhələsindən müsbət nəticə əldə etmiş, lakin müsabiqə mərhələsindən keçməyən namizədlərə aid ehtiyat siyahı da var. Proqram iştirakçısı seçilmiş namizədlərdən kimsə proqramdan bu və ya digər səbəbdən imtina edərsə, növbəti iştirakçının seçilməsi nəzərdə tutulur.
1147 müraciət
10 aprel - 15 iyun aralığında sənəd qəbulu mərhələsi çərçivəsində Dövlət Proqramına dünyanın 19 ölkəsinə aid 94 ali təhsil müəssisəsi üzrə 1147 namizəd müraciət edib.
Dövlət Proqramının iştirak tələblərinə cavab verən və I mərhələdə sənədlərini uğurla təqdim edən namizədlər II, yəni müsahibə mərhələsinə qatılıblar. İyunun 25-də başlanan II mərhələdə isə iddiaçılatrın sayı 310 nəfər idi.
Müsahibə zamanı verilən qiymətin yuxarı həddi 50 bal müəyyən edilmişdi. Minimum 40 bal toplamış namizədlər meyarlara uyğun hesab edilir və müsabiqədə iştirak hüququ qazanırdı.
Dövlət Proqramına qəbul üzrə kvota sayı 500 nəfər müəyyən olunub. Kvotanın 25 faizindən çox olmayan hissəsi bakalavriat, 20 faizindən çox olmayan hissəsi doktorantura, qalan hissəsi isə magistratura səviyyəsini əhatə edir.
“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2028-ci illər üçün Dövlət Proqramı” 2022-ci ildən həyata keçirilir. Proqram çərçivəsində ümumilikdə buna qədər 1252 nəfər tələbə təhsil almaq hüququ qazanıb.
Bu illər ərzində bu proqram çərçivəsində qəbulla bağlı müəyyən narazılıq da eşidilib. Bir çox iddiaçılar şikayətləniblər ki, xüsusilə müsahibə mərhələsində subyektvliyə yol verilir. Hərçənd rəsmilər belə şikayətləri əsaslı saymırlar.
Xaricdə təhsillə bağlı ilk dövlət proqramı 2007-2015-ci illəri əhatə edib. Bu ilk proqram çərçivəsində 5 min Azərbaycan vətəndaşının ölkədən kənarda təhsil alması nəzərdə tutulurdu. Amma proqram çərçivəsində 3 min 558 gənc xaricə təhsil almağa göndərilib. Onların təhsil alması üçün 90 milyon manatdan çox vəsait ayrıldığı açıqlanıb.
Onların bir hissəsi Azərbaycana dönməyib.