Ötən ay xaricdə təhsil aldığını bildirən 50-yə yaxın şəxsin diplomu tanınmayıb. Bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) məlumat yayıb.
Məlumatda bildirilir ki, bu il iyun ayı üzrə 613 müraciət edəndən 567-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 46 nəfərə isə mənfi cavab verilib.
Vurğulanıb ki, mənfi qərarla yekunlaşan müraciətlərdə əsasən tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olmaq, dövlət nümunəli olmayan diplom və başqa səbəblər rol oynayıb.
Müraciət edənlər əsasən Türkiyə (155), Rusiya (152), Ukrayna (144) və Belarusda (27) ...təhsil aldıqlarını bildiriblər.
Həmin şəxslər arasında ən çox müraciət olunan ixtisaslara gəlincə, hüquqşünaslıq birinci yerdə olub.
Agentlik bildirir ki, ötən ildə xarici kvalifikasiyaların tanınması ilə bağlı ümumilikdə 6 min 58 müraciət üzrə ekspertiza aparılıb. 4 min 941 müraciət üzrə müsbət rəy verilib, xaricdə əldə olunan kvalifikasiyaların tanınması barədə müvafiq şəhadətnamələr təqdim edilib. Digər 1 min 117 müraciət üzrə isə mənfi rəy verilərək müraciət sahiblərinin ali təhsil ixtisaslarının ölkə ərazisində tanınmaması haqqında qərar verilb.
İki il əvvəl isə belə müraciətlərin sayı 7 min 21 olub. Onlardan 1 min 153 müracətə mənfi cavab verilib.
Azərbaycanda xaricdə təhsilə aid bəzi diplomların tanınmaması ilə bağlı birmənalı dəyərləndirmə yoxdur. Bəzi şikayətçilər hesab edirlər ki, bu məsələdə subyektiv amillərə yol verilir. Amma bəzi ekspertlər də iddia edirlər ki, bir çox hallarda Azərbaycanda ali məktəblərə qəbul edilməyən bəzi gənclər əsasən hərbi xidmətdən yayınmaq üçün xaricdə qəbulu və təhsili asan olan, reytinqi aşağı ali məktəblərə üz tuturlar.