Keçid linkləri

2025, 01 Avqust, Cümə, Bakı vaxtı 18:09

Türkmənistanda spirtli içkilərə tələbat kəskin artıb, satışı məhdudlaşdırılır


Türkmənistanda piştaxtalarda spirtli içki
Türkmənistanda piştaxtalarda spirtli içki

Türkmənistanda sakinlər təlaş içində sərt spirtli içkilər və şərab alırlar. Onlar qiymət artımı və satışın məhdudlaşdırıla biləcəyindən ehtiyat edirlər. Səbəbsə belədir ki, hakimiyyət rusiyalı məmurun tənqidindən sonra alkoqola qarşı kampaniyaya başlayıb, spirtli içki satışı ilə məşğul olan ticarət obyektlərinin fəaliyyətini məhdudlaşdırmaq göstərişi verilib. Bu haqda Azadlıq Radiosunun türkmən xidməti məlumat yayıb.

Nəticədə Türkmənistanda spirtli içkilərin qiyməti kəskin artıb. Lakin insanlar qiymətlərin daha da bahalaşacağından ehtiyat edirlər.

Qadağalar

Balkan vilayətində spirtli içkilərin və pivənin satıldığı məkanların bağlanmağa başladığı bildirilir. “Böyük lisenziyalı mağazalarda satış qaydaları dəyişdirilib. Onlara 500 ml-dən böyük həcmli butulkalarda, yaşı 22-dən az şəxslərə spirtli içki satmamaq göstərişi verilib", – bölgədən bir mənbə türkmən xidmətinə danışıb.

Mənbələr ölkədə toyların keçirildiyi məkanlara, restoranlara qonaqlara araq verilməsinin yasaqlandığını xəbərləyir.

İyulun 18-də, məhdudiyyətlərin tətbiqindən bir neçə gün əvvəl, Türkmənistanın dövlət mediası xəbər verib ki, ölkə prezidenti Serdar Berdiməhəmmədov 2025-2028-ci illər üçün “Alkoqolun zərərli təsirinin profilaktikası üzrə Milli Proqram”ı və onun icra planını təsdiqləyib.

AzadlıqRadiosunun mənbələrinin bilgisinə görə, bu plan çərçivəsində ölkədə satılan bütün spirtli məhsullar xüsusi etiketlənməlidir. Balkan vilayətindən olan bir sahibkardeyir ki, alkoqollu içkilərin butulkalarında mütləq ‘+21’ işarəsi olmalıdır, müəssisələrə isə bu butulkalara xüsusi stikerlər yapışdırmaq tapşırılıb. Bu stikerlərin birinin 5 manata (təxminən 1,5 dollar) satıldığını bildirilir.

Məcburi stikerlərin artıq spirtli içkilərin qiymətini orta hesabla 30% qaldırdığı xəbər verilir.

Rusiyalı vəzifəli nə deyib?

Rusiyanın Türkmənistandakı ticarət nümayəndəsi Andrey Xripunov iyulun 3-də Kazanda “Ticarət nümayəndələrinin həftəsi”ndə çıxışında belə bir fikir səsləndirib:

“Müsəlman ölkəsidir, qapalıdır, amma buna baxmayaraq, burada elə miqdarda alkoqol satılır ki, bu qədərini hətta Moskva mağazalarında da görməmişəm”.

Eyni tədbirdə olan Türkmənistanın Kazandakı baş konsulu Güyç Qarayev isə dərhal cavab verərək bildirib ki, ölkəsinin “qapalı olması” ilə bağlı fikirlərlə qəti razı deyil, “Türkmənistan yalnız bədniyyətli şəxslər üçün qapalıdır”.

Türkmənistan hakimiyyəti alkoqol satışının məhdudlaşdırılması ilə bağlı yeni tədbirləri Rusiya ticarət təmsilçisinin bəyanatı ilə əlaqələndirməyib. Rəsmi açıqlamada qeyd olunur ki, antialkoqol proqramının hədəfi ölkə vətəndaşlarının sağlamlığını və rifahını yaxşılaşdırmaqdır.

Türkmənistanda alkoqolun satışı daha öncə də məhdudlaşdırılıb. 2018-2024-cü illəri əhatələyən oxşar milli proqram çərçivəsində. O zaman spirtli içki satan özəl mağazalar kütləvi bağlanırdı. Amma sonradan məhdudiyyətlər tədricən aradan qalxdı.

XS
SM
MD
LG