Dünya xəbərləri
Tramp Rusiyaya 10-12 günlük möhlət verdiyini deyir [Video]

ABŞ prezidenti Donald Tramp deyir ki, bu gündən, yəni iyulun 28-dən başlayaraq Rusiya prezidenti Vladimir Putinə Ukraynada atəşkəsə razılaşmaq üçün 10-12 günlük möhlət verir.
Şotlandiyanın Turnberri şəhərində jurnalistlərlə danışan D.Tramp bildirib ki, o, Putinlə bağlı "çox məyusdur", əgər Moskva Kiyevlə sülh sazişinə nail olmursa, bu ayın əvvəlində tərəflərə verdiyi 50 günlük ilkin müddətin sonunu gözləməsinə "ehtiyac yoxdur".
“Mən bu gündən etibarən təxminən 10-12 günlük yeni bir müddət müəyyənləşdirəcəyəm”, – Tramp Britaniyanın baş naziri Keir Starmerlə görüşü zamanı jurnalistlərə deyib.
“Kiminləsə uzun müddət işləyəndə, onun nə edəcəyini, yaxud etməyəcəyini artıq bilirsən. Mən ona [Putinə] bir şans verdim. O, bundan istifadə etmir”, – o əlavə edib.
Daha əvvəl Tramp Putinə Ukrayna ilə müharibəni dayandırmaq və sülh sazişi bağlamaq üçün 50 gün vaxt vermişdi. O, bu barədə bəyanatını düz iki həftə əvvəl - bazar ertəsi, iyulun 14-də səsləndirib. Əgər danışıqlarda irəliləyiş əldə olunmasa, ABŞ Rusiya mallarının alıcılarına 100 faizlik idxal rüsumları tətbiq edəcəyini bildirib.
Nüfuzlu respublikaçı senator Lindsi Qrem deyib ki, ikinci dərəcəli sanksiyalar Rusiya neftinin 80%-ni alan Çin, Hindistan və Braziliyanı hədəf alacaq.
"Putin sanksiyalar altında yaşaya bilər, lakin Çin, Hindistan və Braziliya Amerika bazarı ilə Putinə kömək arasında seçim etməli olacaq. Düşünürəm ki, onlar ABŞ tərəfini seçəcəklər", - senator vurğulayıb.
ABŞ dövlət katibi deyir ki, Trampın 'səbri tükənir'
Rusiyanın Ukrayna ilə münaqişədəki davranışı ABŞ Prezidenti Donald Trampın "səbrini tükədir", Moskvanın müharibəyə son qoya biləcək hər hansı bir addım atmasını gözləməyə "həvəsi də azalır". Bunu ABŞ dövlət katibi Marko Rubio “Fox News”a müsahibəsində bildirib.
Tramp özü də bir neçə dəfə bu fikri dilə gətirib. Dövlət katibi isə deyib ki, ABŞ prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları müsbət atmosferdə keçsə də, "heç bir nəticə vermir". Dövlət katibinin sözlərinə görə, Rusiya sadəcə vaxt udur.
"O (Tramp) özünün bu tələyə salınmasına imkan verməyəcək. O, danışıqlar haqqında sonsuz danışıqlar aparmaq niyyətində deyil", – Rubio vurğulayıb və əlavə edib ki, Tramp müharibənin başlanmasına məsul olmasa da, onu bitirmək istəyir.
İyulun 14-də Tramp, Rusiyanı və şəxsən Putini sülh istəmədiklərinə görə sərt tənqid edib. O bildirib ki, Ukraynada sülh sazişi bağlanması üçün 50 gün vaxt verir. Bu müddət sentyabrın 3-də başa çatır. Trampın sözlərinə görə, bu tarixdən sonra o, Rusiyanın özünə və ondan enerjidaşıyıcıları alan ölkələrə sanksiyalar, ilk növbədə yüksək gömrük rüsumları şəklində tətbiq etməyə hazırdır.
Rubio “Fox News”a müsahibəsində deyib ki, xüsusən də Rusiyadan neft alan Çin olmadan, Putin “bu müharibəyə tab gətirə bilməzdi”.
Tramp həmçinin ABŞ-ın müttəfiqlərinə Ukrayna üçün silah satmağa hazır olduğunu bəyan edib. Almaniya da daxil bir sıra ölkələr bu sxemdə iştiraka hazır olduqlarını bildiriblər.
Rusiya Trampın bəyanatlarına təmkinli reaksiya verib. Bu açıqlamalardan sonra Moskvanın rəsmi mövqeyində heç bir dəyişiklik olmayıb. Rusiya təmsilçiləri bildirirlər ki, onlar sülhdə maraqlıdırlar, lakin müəyyən şərtlərlə. Kiyev isə bu şərtləri təslimçilik kimi qəbul edir. Söhbət, xüsusilə, Ukraynanın bəzi ərazilərindən imtina etməsindən gedir.
Bütün xəbərləri izləyin
Reuters: Hindistanın dövlət neft emalı müəssisələri Rusiyadan neft alışını dayandırıb

Hindistanın dörd neft emalı zavodu Rusiya neftinin alışını dayandırıb. Bu barədə "Reuters" agentliyi iyulun 31-də məlumatlı mənbələrə istinadən xəbər yayıb. Bu, ABŞ prezidenti Donald Trampın Hindistan mallarına 25 faizlik rüsumlar tətbiq ediləcəyini elan etməsindən bir gün sonra məlum olub. Tramp Hindistana ticarət rüsumunu elan edərkən bu qərarda sözügedən ölkənin Rusiya ilə əməkdaşlığının da rol oynadığını vurğulayıb.
Söhbət Hindistanın ümumi neft emalı gücünün 60 faizindən çoxunu təşkil edən dövlətə məxsus dörd zavoddan gedir. "Indian Oil Corp" (IOC.NS), "Hindustan Petroleum Corp" (HPCL.NS), "Bharat Petroleum Corp" (BPCL.NS) və "Mangalore Refinery Petrochemical Ltd" (MRPL.NS) - neftayırma şirkətlərinin satınalma planları ilə tanış olan dörd mənbə "Reuters"ə bildirib ki, son bir həftə ərzində bu zavodlar Rusiyadan xam neft almayıb. Qeyd olunub ki, bu neft emalı zavodları Rusiya neftini BƏƏ və Qərbi Afrika ölkələrinin nefti ilə əvəz etməyə başlayıb.
Nə şirkətlər, nə də Hindistanın müvafiq nazirliyi "Reuters"in sorğularına dərhal cavab verb.
İyulun 14-də ABŞ prezidenti Donald Tramp Moskvanın Ukrayna ilə sülh razılaşması əldə etmədiyi təqdirdə Rusiya neftini alan ölkələri 100% rüsumlarla hədələyib.
Tramp Kanada üçün ticarət rüsumlarını 10 faiz qaldırıb

ABŞ prezidenti Donald Tramp Kanadaya tətbiq olunan ticarət rüsumunun 25%-dən 35%-ə qaldırılması haqqında sərəncam imzalayıb. Bu barədə Ağ Evin saytında məlumat verilib.
Yeni rüsumlar bu gündən - avqustun 1-dən artırılacaq. Sənəd ABŞ, Meksika və Kanada arasında olan ticarət sazişinə daxil olan mallara şamil edilməyəcək.
Qeyd olunub ki, 35%-lik rüsumdan yayınmaq məqsədilə daşınacaq mallara 40% həcmində rüsum tətbiq olunacaq.
Mətbuata açıqlamada bildirilib ki, qəbul edilmiş qərarın səbəbi Kanadanın fentanil və digər qadağan olunmuş narkotiklərlə mübarizədə "hərəkətsizliyi", eləcə də ABŞ prezidentinin bu təhdidə qarşı gördüyü tədbirlərə cavab olaraq əks addımlar atmasıdır.
Bu ilin yanvarında Kanadanın keçmiş baş naziri Castin Trüdo ölkə sərhədinin ABŞ üçün təhlükə yaratması iddialarını təkzib edərək bildirib ki, ABŞ-yə Kanadadan daxil olan fentanilin miqdarı 1%-dən azdır və qeyri-qanuni miqrantların da 1%-dən az hissəsi Kanadadan gəlir.
ABŞ Ticarət Nazirliyinin məlumatına görə, 2024-cü ildə ABŞ Kanadadan 477 milyard dollar dəyərində mal və xidmət idxal edib, 441 milyard dollar dəyərində ixrac həyata keçirib.
Putin internetdə 'ekstremist' materialların axtarışını yasaqlayan qanunu imzalayıb

Rusiya prezidenti Vladimir Putin İnzibati Xətalar Məcəlləsinə "ekstremist" materialların internetdə "məqsədli şəkildə" axtarışını qadağan edən düzəlişləri imzalayıb.
O, həmçinin hüquq pozuntusu törətmək məqsədilə VPN xidmətlərindən istifadəni ağırlaşdırıcı hal kimi tanıyan qanunu da imzalayıb. VPN-in reklamına görə isə 500 min rubladək cərimə nəzərdə tutulur.
Putinin imzaladığı düzəlişlər 2025-ci il sentyabrın 1-dən qüvvəyə minəcək.
Rusiyada "ekstremist" materiallar siyahısında 5 mindən çox adda material var, onun reyestrini Ədliyyə Nazirliyi aparır. Bir neçə gün əvvəl bəlli olub ki, bu siyahıya Aleksey Navalninin "Patriot" adlı kitabı da əlavə edilib.
Ekspertlərə görə, ekstremist fəaliyyətə "bəraət qazandıran" materiallar və ya məsələn, ekstremist təşkilatların simvolları da ekstremist sayıla bilər. Bu cür materialların tam siyahısı yoxdur. Onlar müxtəlif obyektlər, mətnlər və şəkillər də ola bilər. Hüquq müdafiəçilərinin sözlərinə görə, bu, "ekstremist" məzmunun yaradılması və yayılmasının deyil, onun axtarışının kriminallaşdırılması ilə bağlı ilk haldır.
Mariupolda ukraynalı yeniyetməyə dövlətə xəyanət və casusluq ittihamı ilə 7 il həbs kəsilib

Mariupolda iki vətəndaşlığı olan yeniyetməyə dövlətə xəyanət və Ukraynanın xeyrinə casusluq işi üzrə 7 il həbs cəzası kəsilib. Məlumatı "Mediazona" yayıb.
18 yaşlı Aleksandr Sırovun işinə tanınmayan "Donetsk Xalq Respublikası"nın ("DXR") Ali Məhkəməsi baxıb.
Nəşrin yazdığına görə, Rusiya qanunvericiliyinə əsasən, Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə (dövlətə xəyanət) yalnız Rusiya vətəndaşları mühakimə oluna bilər. 276-cı maddə (casusluq) isə xarici ölkə vətəndaşlarına qarşı tətbiq olunur.
Sırov hər iki maddə ilə ittiham olunub. Belə ki, o, işğal zamanı Rusiya vətəndaşlığı alıb, lakin Ukrayna vətəndaşlığını da saxlayıb. İstintaqın versiyasına görə, o, Rusiya hərbçiləri barədə məlumat toplayaraq Ukrayna xüsusi xidmət orqanlarına ötürüb.
Gənc 2025-ci ilin yanvarında saxlanılıb, iş iyulun 22-də məhkəməyə verilib və artıq növbəti iclasda hökm oxunub. "DXR Müdafiə Qərargahı" teleqram kanalı qeyd edir ki, Sırovun cinayətləri yetkinlik yaşına çatmamış törətməsi nəzərə alınaraq ona 7 il həbs cəzası kəsilib.
Kiyevə hücumlarda azı 13 nəfər ölüb

İyulun 31-də Rusiya Müdafiə Nazirliyi (MN) Ukraynanın Donetsk regionunda Çasov Yar şəhərinin ələ keçirildiyini bildirib.
Ukrayna hökuməti və Silahlı Qüvvələrin Baş Qərargahı Rusiyanın bu bəyanatını, hələlik, rəsmi şərh etməyib.
AzadlıqRadiosu bu iddianı müstəqil şəkildə təsdiqləyə bilmir.
Ukraynanın Baş Qərargahı isə iyulun 31-i səhər saatlarında Rusiya qüvvələrinin Çasov Yar yaxınlığındakı məntəqələrə hücum etdiyi barədə məlumat yayıb.
Ukraynalı hərbçinin idarə etdiyi "Baxmutskı Demon" Teleqram kanalındakı paylaşımda bildirilib: "Heç bir yaxşı xəbər yoxdur. Amma Çasikin (Çasov Yar) bir hissəsi hələ də bizimdir".
Ukraynanın OSINT layihəsinin "Deep State"in xəritəsinə əsasən, şəhərin qərb və cənub-qərb rayonları boz zonada qalır, yəni hələ Rusiya ordusunun nəzarəti altında deyil.
İlk dəfə deyil ki, Rusiya tərəfi Ukraynanın hansısa şəhərinin ələ keçirildiyini elan edir, əslində isə orada döyüşlər davam edir və bu vəziyyət həftələrlə davam edə bilər. Baxmut və Uqledar tutulanda da belə olub.
Ukrayna hərbçiləri daha əvvəl etiraf ediblər ki, əgər Rusiya ordusu Çasov Yara tam nəzarətə etsə, onlar regionda strateji əhəmiyyətli yüksəklik əldə edəcəklər. Oradan isə Konstantinovka, Kramatorsk və Slavyanska doğru hücuma başlaya bilərlər.
Kiyevə zərbələr endirilib, azı 8 nəfər ölüb
İyulun 30-dan 31-nə keçən gecə Rusiya qoşunları Kiyevə raket və dron zərbələri endirib. Bu hücumlarda azı 13 nəfər həlak olub, onlardan biri 6 yaşlı uşaqdır. 100-ə yaxın yaralı var.
Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenkonun məlumatına görə, şəhərin Svyatoşin rayonunda doqquzmərtəbəli yaşayış binasının bir girişi tamamilə dağılıb. O, dağıntılar altında qalan insanların çıxarılması üçün fövqəladə hallar xidmətinin əməkdaşlarının işlədiyini qeyd edib.
Tkaçenko deyib ki, ümumilikdə Kiyevin 27-dən çox nöqtəsində zərbələrin nəticələri qeydə alınıb. Svyatoşin rayonundan əlavə, Solomensk, Şevçenko və Qolosiev rayonlarına da ziyan dəyib.
Zərbələr nəticəsində ümumilikdə 52 nəfər yaralanıb, onlardan təxminən 30-u xəstəxanalara yerləşdirilib.
"Yaralılar arasında doqquz uşaq var. Təəssüf ki, bu rəqəmin artacağı gözlənilir", - deyə Timur Tkaçenko bildirib.
Ukraynada antikorrupsiya qurumlarının müstəqilliyi bərpa olundu

Ukrayna Ali Radası prezident Volodimir Zelenskinin təqdim etdiyi Milli Antikorrupsiya Bürosunun (NABU) və Korrupsiyaya Qarşı Mübarizə üzrə İxtisaslaşmış Prokurorluğun (SAPO) müstəqilliyinin bərpası haqqında qanunu qəbul edib. Sənədin lehinə 331 deputat səs verib, qanun əleyhinə səs verən olmayıb, 9 deputat isə səsvermədə iştirak etməyib.
Yeni qanuna görə baş prokurorun bu qurumlar üzərində səlahiyyəti olmayacaq.
V.Zelenski artıq qanunu imzaladığını açıqlayıb.
Qanun həmçinin dövlət sirlərinə çıxışı olan NABU detektivləri üçün məcburi poliqrafiya testlərini nəzərdə tutur. Onları Ukrayna Təhlükəsizlik Xidməti (SBU) həyata keçirəcək. Bundan əlavə, SBU əməkdaşları Rusiyanın mümkün təsirinə qarşı NABU detektivlərini və SAP zabitlərini "yalan detektoru" ilə test edəcəklər. NABU bu qanun layihəsini dəstəklədiyini bildirib.
Qanun layihəsinə baxılarkən etirazçılar parlament binası yaxınlığında toplaşıblar. Ali Rada Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğal müharibəsi başlayandan bəri ilk dəfə olaraq sessiyanın onlayn yayımını işə salıb.
Bir neçə gün əvvəl Ukrayna Ali Radası NABU və SAPO-nun səlahiyyətlərini məhdudlaşdıran və mahiyyətcə hər iki qurumu prezidentin təyin etdiyi baş prokurora tabe edən qanunu qəbul edib. Bu, NABU-da aparılan axtarışlar və detektivlərdən birinin Rusiya xüsusi xidmət orqanlarına işləmək şübhəsi ilə saxlanılmasından sonra baş verib. Qanunun əleyhinə Ukraynada və ukraynalıların yaşadığı dünyanın müxtəlif şəhərlərində etiraz aksiyaları keçirilib.
Avropa İttifaqı da bu addımdan narahatlığını ifadə edib.
Ukrayna MN: Rusiya ilin əvvəlindən müharibəyə 902 Özbəkistan vətəndaşını cəlb edib

2025-ci ilin əvvəlindən bəri Rusiya Müdafiə Nazirliyi Ukraynaya qarşı müharibədə iştirak etmək üçün 902 Özbəkistan vətəndaşını cəlb edib. Bu barədə Ukraynanın "Yaşamaq istəyirəm" dövlət layihəsi (Müdafiə Nazirliyinin təşəbbüsüdür) məlumat yayıb.
Bildirilib ki, Rusiya hakimiyyəti orduya canlı qüvvə cəlbi üçün "eyni metodlara" əl atır. Xüsusilə qeyd olunub ki, Özbəkistandan olan miqrantlar "yüksək maaşlı iş" vədləri ilə - tikinti sahələrində və ya ordunun arxa cəbhəsində işləmək adı altında aldadılır. Əsas stimullardan biri isə Rusiya vətəndaşlığı vədidir.
"Rusiya həbsxanalarında məhkumluğunu çəkən şəxslər isə təhdid və psixoloji təzyiqlərlə müharibəyə getməyə məcbur edilirlər", - deyə məlumatda qeyd olunub.
"Yaşamaq istəyirəm" bildirib ki, Ukrayna əsirliyində 33 ölkənin vətəndaşı var və Özbəkistan xarici hərbi əsirlərin sayına görə birinci yerdədir.
Layihənin məlumatına görə, bu il iyunun 5-də polkovnik Alişir Narbayevin rəhbərlik etdiyi Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Kursk vilayətinin Postoyalıye Dvori kəndində yerləşən poliqona səfər edib. Nümayəndə heyətinə Leninqrad hərbi dairəsinin hərbçilərinin döyüş hazırlığı ilə bağlı məruzə təqdim olunub.
"Ümid edirik ki, bu, rəsmi səfər idi və Rusiya ordusunun Özbəkistandan olan xarici muzdlu döyüşçüləri hazırladığı yerlərə ziyarət deyildi", - Ukrayna layihəsində qeyd olunub.
2025-ci ilin aprelində layihə Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalamış 1 min 110 Özbəkistan vətəndaşının adlarını dərc etmişdi.
Litvanın baş naziri korrupsiya qalmaqalı fonunda istefa verib

Litvanın baş naziri Gintautas Palutskas korrupsiya qalmaqalı fonunda istefa verib. Bu barədə Litvanın mill televiziyası LRT məlumat yayıb.
"Palutskas səhər zəng edərək istefasını elan edib", - deyə Litva prezidenti Gitanas Nauseda bildirib. Prezident Nauseda iyulun 24-də baş nazir Palutskasa siyasi taleyi ilə bağlı qərar verməsi üçün iki həftə vaxt vermişdi. Ertəsi gün baş nazir "çoxdan planlaşdırılmış məzuniyyətə" gedəcəyini bəyan etmişdi.
İyulun 30-da Litva parlamentinin spikeri Saulius Skvernelis xəbərdarlıq etmişdi ki, Gintautas Palutskas postundan getməsə, "Litva Uğrunda Demokratlar İttifaqı" partiyası hakim koalisiyadan çıxacaq.
Bundan əlavə, Palutskas həm də çoxluq koalisiyasına daxil olan Litva Sosial Demokratlar partiyasının sədri vəzifəsindən istefa verib.
Litvanın hüquq-mühafizə orqanları isə baş nazirin qardaşının həyat yoldaşına məxsus "Dankora" şirkətində axtarış aparır. Yerli KİV daha əvvəl bildirib ki, "Dankora" şirkəti Avropa İttifaqının LEADER proqramı çərçivəsində təxminən 173 min avro məbləğində maliyyə dəstəyi alıb. Bu vəsaitlə şirkət "Garnis" şirkətindən akkumulyator sistemləri alıb. Həmin şirkətin səhmlərinin 49 faizi isə baş nazir Palutskasa məxsusdur. "Garnis" batareyaların tədarükü üzrə tenderdə yeganə iştirakçı olub və 145 min avro qiymət təklif edib.
Senator Qrem: Rusiya başa düşmür ki, ABŞ sanksiyalara yanaşmasını dəyişir

ABŞ-nin nüfuzlu respublikaçı senatoru Lindsi Qrem deyir ki, Rusiya sanksiyalardan yan keçməyi öyrənib, lakin Donald Trampın prezidentliyi dövründə ABŞ bu məsələyə yanaşmanı dəyişəcək və Rusiyanın enerji resurslarını alan ölkələrə qarşı tədbirlər görəcək.
"Görünür, siz başa düşmürsünüz ki, prezident Tramp oyunun qaydalarını dəyişir və sizin neft və qazınızı alaraq hərbi maşınınızı dəstəkləyən ölkələrə tariflər tətbiq etməyə hazırlaşır. Yaxın vaxtlarda həmin ölkələrlə əlaqə saxlayıb onların da bu məsələyə sizin qədər laqeyd yanaşıb - yanaşmadığını öyrənsəniz, yaxşı olar", - respublikaçı senator X sosial şəbəkəsində yazıb.
Qrem Rusiyaya qarşı sərt məhdudiyyətlər planının müəlliflərindən biridir. Sözügedən təşəbbüsə əsasən, əgər bir ölkə Rusiyadan yanacaq alır, lakin Ukraynaya yardım göstərmirsə, həmin ölkənin ABŞ-yə ixrac etdiyi məhsullara 500%-lik tarif tətbiq olunacaq. Senatorun mümkün sərt sanksiyalar üçün hədəf göstərdiyi ölkələr arasında Hindistan və Çin də var. O, tarifin 100% də ola biləcəyini istisna etməyib.
İyulda Tramp Rusiyaya Ukrayna ilə münaqişənin həlli istiqamətində irəliləyiş əldə etməsi üçün 50 günlük müddət vermiş, əks halda 100%-lik tariflə hədələmişdi. Lakin iyulun 28-də verdiyi açıqlamada o, bu ultimatumun müddətini 10 günə endirib.
Bundan sonra X platformasında Lindsi Qremlə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev arasında qiyabi mübahisə baş verib. Medvedev qeyd edib ki, "bu cür addımlar Rusiya ilə ABŞ arasında müharibəni yaxınlaşdırır".
"Bizim danışıqlar masasına nə vaxt əyləşəcəyimizi diqtə etmək sizin və ya Trampın işi deyil. Danışıqlar yalnız hərbi əməliyyatımızın bütün məqsədlərinə nail olunduqdan sonra başa çatacaq. İlk növbədə Amerika üçün çalışın, babalar!" - Medvedev cavab verib.
İyulun 31-də ABŞ prezidenti Donald Tramp da Medvedevin müharibə təhdidinə reaksiya verib. Prezident Tramp "Truth Social" hesabındakı paylaşımında yazıb: "(....) Özünü hələ də prezident hesab edən, amma uğursuz sabiq prezident olan adama – Medvedevə deyin ki, sözlərinə diqqət etsin. O, çox təhlükəli bir əraziyə daxil olur!"
Tramp bildirib ki, Hindistana 25% rüsum tətbiq olunacaq

ABŞ prezidenti Donald Tramp Hindistandan idxal olunan mallara 25% gömrük rüsumu tətbiq olunacağını açıqlayıb. O, bu qərarını, digər səbəblərlə yanaşı, Hindistanın Rusiyadan hərbi texnika və enerji resursu alması ilə əsaslandırıb. Trampın sözlərinə görə, Hindistan 25 faiz rüsuma əlavə olaraq müəyyən bir "cərimə" də ödəməli olacaq. Bu barədə prezident "Truth Social" sosial şəbəkəsində yazıb.
"Hindistan bizim dostumuzdur", - deyən ABŞ dövlət başçısı eyni zamanda əlavə edib ki, bu ölkə "hər zaman hərbi texnikasının böyük bir qismini Rusiyadan alıb və Çinlə yanaşı, Rusiyanın enerji daşıyıcılarının ən böyük alıcısıdır. Halbuki hamı Rusiyanın Ukraynada qətlləri dayandırmasını istəyir".
"Bütün bunlar yaxşı deyil", – deyə qeyd edən prezident Tramp əlavə edib ki, avqustun 1-dən Hindistan "yuxarıda sadalanan səbəblərə görə 25% rüsum və əlavə cərimə ödəyəcək".
Daha əvvəl də Tramp bəyan etmişdi ki, Hindistana tətbiq olunacaq rüsumlar 20–25% səviyyəsində ola bilər. Bununla yanaşı, Hindistanla ABŞ arasında ticarət sazişi üzrə danışıqlar hələ yekunlaşmayıb.
Tramp həmçinin vurğulayıb ki, ABŞ ilə razılığa gələ bilməyən ölkələr üçün əvvəlcədən artırılmış gömrük rüsumlarının tətbiqi tarixi, yəni 1 avqust dəyişdirilməyəcək.
ABŞ indiyədək yalnız az sayda ölkə ilə, o cümlədən Böyük Britaniya ilə ticarət sazişi imzalayıb. Bundan əlavə, Aİ ilə ilkin razılaşma əldə olunub, Avropa İttifaqı üçün rüsumlar 15% təşkil edəcək.
İran hökuməti 'saxta xəbər' ilə bağlı mübahisəli qanun layihəsini geri çəkib

İran hökuməti saxta xəbərlərlə (fake news) mübarizə adı altında irəli sürülən və sərt tənqidlərə səbəb olan mübahisəli qanun layihəsini geri çəkib. Tənqidçilər bu qanunun İranda onsuz da məhdud olan ifadə azadlığını daha da boğacağını bildirirdi.
Hökumətin sözçüsü Fatimə Məhacirani iyulun 30-da X platformasındakı paylaşımında islahatçı prezident Məsud Pezeşkianın rəhbərlik etdiyi hökumətin “milli birliyi qorumaq məqsədilə” bu qanun layihəsini geri çəkdiyini elan edib.
22 maddədən ibarət qanun layihəsini hökumət və sərt xətt tərəfdarı olan məhkəmə sistemi hazırlayaraq ötən həftə parlamentə təqdim edib. Parlamentdə keçirilən səsvermədə 205 deputat layihənin sürətli qaydada baxılmasının lehinə, 49 deputat əleyhinə səs verib, 3 nəfər isə bitərəf qalıb.
Tənqidçilərin “boğucu qanun layihəsi” adlandırdığı sənəd siyasətçilər və vətəndaş cəmiyyəti qrupları arasında geniş müzakirələrə səbəb olub. Onlar bildirirlər ki, “ictimai rəyi çaşdırmaq” və ya “dövlət təhlükəsizliyinə qarşı məzmun” kimi qeyri-müəyyən ifadələr mətbuat azadlığı və legitim tənqidləri basqı altına almaq üçün sui-istifadə vasitəsinə çevrilə bilər.
Hökumət üzvləri və ultrakonservativlər də daxil olmaqla qanun layihəsini dəstəkləyənlər bildirirlər ki, internetdə yanlış məlumatların sürətlə yayıldığı bir dövrdə bu qanun ictimai təhlükəsizliyi qorumaq və sabitliyi təmin etmək üçün vacibdir.
Onlar bu tədbirlərin milli təhlükəsizliyi və ictimai sabitliyi qorumaqdan ötrü zəruri olduğunu iddia edirlər.
Əgər qanun qəbul edilsəydi, “saxta xəbər yayanlar” 15 ilədək həbs cəzası ilə üzləşə bilərdi. Hüquqşünaslar hesab edirlər ki, bu, bəzi hallarda casusluq və ya adam oğurluğu kimi daha ciddi cinayətlərə verilən cəzalardan da sərtdir.
İran mətbuat azadlığı üzrə beynəlxalq reytinqlərdə daim son sıralarda yer alır. “Sərhədsiz Reportyorlar” (RSF) təşkilatı son illik hesabatında İranı “mətbuat azadlığı baxımından dünyanın ən repressiv ölkələrindən biri” adlandırıb.
RSF-nin məlumatına görə, hazırda İranda 21 jurnalist həbsdədir.
AzadlıqRadiosunun rus xidməti orta dalğada yayımını bərpa edir

Avqustun 1-dən AzadlıqRadiosunun (RFE/RL) Rusiya xidməti efir yayımını bərpa edəcək. Yayım maliyyə çətinlikləri ilə əlaqədar iyunda dayandırılmışdı.
Dinləyicilər hər gün Moskva vaxtı ilə 08:30-dan 11:30-a qədər 1386 kHz tezliyində orta dalğa diapazonunda radionu dinləyə biləcəklər.
Radio proqramının cədvəlinə canlı xəbərlər, aktual mövzularda analitik tok-şoular, siyasət, mədəniyyət, ictimai mövuzlardan danışan ekspertlərlə müsahibələr, Azadlıq Radiosunun arxivindən ən yaxşı podkastlar daxildir.
Rusiya xidməti də daxil AzadlıqRadiosunun fəaliyyəti ABŞ Konqresi tərəfindən ayrılan vəsaitlə ABŞ Qlobal Media Agentliyi (USAGM) vasitəsilə maliyyələşdirilir.
2025-ci ilin martında ABŞ prezidenti Donald Tramp büdcə xərclərinin optimallaşdırılması məqsədilə, yeddi dövlət agentliyinin maliyyəsinin azaldılmasını nəzərdə tutan fərman imzalayıb. Bu qurumlar arasında ABŞ Qlobal Media Agentliyi (USAGM) də var idi.
AzadlıqRadiosu ABŞ Konqresinin 2025-ci il üçün artıq ayrılmış vəsaitlərin köçürülməsini tələb edərək USAGM-ı məhkəməyə verib. İyulun 18-də Kolumbiya dairə məhkəməsi media korporasiyasının xeyrinə qərar verib.
Maliyyə çətinliklərinə baxmayaraq AzadlıqRadiosu öz fəaliyyətini davam etdirir, lakin sərt qənaət tədbirlərinə əl atmağa məcbur olub. Belə ki, bəzi əməkdaşlar məcburi, qismən ödənişli məzuniyyətə göndərilib, yüzlərlə frilanser müəlliflə müqavilələr ləğv edilib, kontent həcmi ciddi şəkildə azaldılıb, peyk radiosu yayımı tamamilə dayandırılıb.
Ancaq media korporasiyası əlavə maliyyə mənbələri axtarmağa davam edir. Məhz bu səylər nəticəsində radionun yayımının bərpası mümkün olub.
Rusiya DİN Şahin Şıxlınskini axtarışa verib
Rusiya Daxili İşlər Nazirliyi (DİN) Yekaterinburqdakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinskini axtarışa verib. "Interfaks" agentliyi bu barədə məlumat yayıb.
"Axtarışın səbəbi: Cinayət Məcəlləsi ilə axtarışdadır”, - Rusiya DİN-in məlumat bazasında bildirilib. Şıxlinskinin hansı cinayət maddəsi ilə axtarışa verildiyi məlum deyil.
Sverdlovsk vilayətində "Azərbaycan-Ural" ictimai milli-mədəni təşkilatının sədri Şıxlinski iyulun əvvəlində saxlanılsa da, sonradan o, sərbəst buraxılmışdı. Məlumata görə, o, əvvəlki illərdə baş vermiş qətllərlə bağlı iş üzrə şahid qismində dindirilir.
Bundan əlavə, məhkəmə qərarı ilə onun oğlu Mütvəli Şıxlinski də hakimiyyət nümayəndəsinə qarşı zorakılıq ittihamı ilə iki ay müddətinə həbs edilib.
İyunun 27-də Rusiya Federasiyasının Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları Azərbaycan əsilli şəxslərə qarşı əməliyyat keçirib, bu zaman iki nəfər həlak olub, 10-a yaxın şəxs saxlanıb. Rusiya hüquq-mühafizə orqanları əməliyyatı illər əvvəl baş verən cinayət işinin təhqiqatı ilə izah ediblər. Amma sonrakı günlər Rusiyada Azərbaycan diasporunun bir sıra rəhbərləri və üzvləri də saxlanıb.
Eyni zamanda Azərbaycanda da narkotik və başqa ittihamlarla Rusiya vətəndaşları saxlanılıb. Bütün bunlarla bağlı hər iki ölkənin xarici işlər nazirlikləri narazılıq və narahatlıqlarını ifadə ediblər.
Ukraynalılar müharibə bitənədək ABŞ-də qala biləcəklər

ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, onun administrasiyası Ukrayna vətəndaşlarına müharibə bitənə qədər ABŞ-də qalmağa icazə verəcək.
DW-nin müxbirinin müharibədən dolayı ölkəsini tərk etmiş ukraynalıların ABŞ-də müharibənin sonunadək qalmasına icazə verilib-verilməyəcəyi ilə bağlı sualına prezident Tramp belə cavab verib: "Düşünürəm ki, biz bunu edəcəyik. Ukraynadan çoxlu insan gəlib və biz onlarla işləyirik".
2025-ci ilin yazında ABŞ-də humanitar proqram çərçivəsində yaşayan bir neçə Ukrayna vətəndaşı ölkənin Gömrük və Sərhəd Mühafizəsi Xidməti adından email alıb. Bu emaillərdə onlara statuslarının ləğv edildiyi və ölkəni yeddi gün ərzində tərk etmələri barədə xəbərdarlıq olunub.
Elektron məktubda qeyd olunub ki, ukraynalıların ABŞ-də qalmağa qanuni hüquqları yoxdur.
Daha sonra ABŞ Daxili Təhlükəsizlik Departamentinin sözçüsü məktubların "səhvən" göndərildiyini və Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başlatdığı işğalçı müharibədən sonra ukraynalılar üçün yaradılmış U4U (Uniting Four Ukraine) proqramının qüvvədə qaldığını bildirib.
"Forbes"in məlumatına görə, Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı işğalından sonra bu proqram çərçivəsində ABŞ 236 mindən çox müraciəti təsdiqləyib və proqram vasitəsilə 187 mindən çox ukraynalı ABŞ-yə gəlib.
Britaniya Fələstini tanıyacağı ilə bağlı İsrailə xəbərdarlıq edib

Böyük Britaniya Fələstini tanıyacağı ilə bağlı İsrailə xəbərdarlıq edib. İyulun 29-da Böyük Britaniyanın baş naziri Kir Starmer bəyanatında bildirib ki, İsrail "Qəzzada dəhşətli vəziyyətə son qoymaq üçün əsaslı addımlar atmasa, Böyük Britaniya sentyabrda Fələstin dövlətini tanıyacaq".
Baş nazirin sözlərinə görə, İsrail atəşkəsə razılaşmaq, iki dövlətli həlli təmin edən uzunmüddətli davamlı sülhə dair öhdəlik götürmək və BMT-yə Qəzzaya yardım tədarükünü bərpa etməyə icazə vermək kimi digər şərtlərə də əməl etməlidir, əks halda Böyük Britaniya bu addımı sentyabrda BMT Baş Assambleyasında atacaq.
İsrailin baş naziri Benyamin Netanyahu isə Londonun bu planını tənqid edib. Netanyahu deyib ki, baş nazir Kir Starmer "HƏMAS-ın dəhşətli terrorunu mükafatlandırır və bu terrorun qurbanlarını cəzalandırır".
"Bu gün İsrailin sərhəddində olan cihadçı dövlət sabah Britaniyanı təhdid edəcək. Cihadçı terrorçulara qarşı güzəşt siyasəti həmişə uğursuzluqla nəticələnir. Bu, sizin üçün də uğursuz olacaq. Bu baş verməyəcək", - İsrail hökumət başçısı X platformasındakı paylaşımında bildirib.
ABŞ prezidenti Donald Tramp isə baş nazir Starmerin açıqlamasından əvvəl deyib ki, o, Şotlandiyada səfərdə olarkən Britaiya baş naziri ilə görüşündə Fələstin dövlətçiliyinin tanınması məsələsini onunla müzakirə etməyib.
Prezident Trampın sözlərinə görə, bu addım (Fələstinin tanınması) "HƏMAS-ı mükafatlandırmaq olardı". "Düşünürəm ki, onlar mükafatlandırılmamalıdr", - Tramp vurğulayıb.
ABŞ Dövlət Departamentinin sözçüsü Temmi Brüs isə bildirib ki, baş nazir Starmerin planı "7 oktyabr qurbanlarının üzünə bir şillə"dir.
Fransa da BMT Baş Assambleyasının sentyabrda keçiriləcək sessiyasında Fələstin Dövlətini tanıyacağını bildirib. İsrail və ABŞ bu qərarı pisləyiblər.
Qəzzada döyüşlər 2023-cü ilin oktyabrında HƏMAS-ın İsrailin cənubuna hücum edərək 250-dən çox insanı girov götürdüyü vaxtdan bəri davam edir. İsrailin Qəzza zolağında davam edən hərbi əməliyyatı isə on minlərlə sakinin ölümünə səbəb olub. Vaxt keçdikcə bir çox Qərb ölkələri bu əməliyyata görə İsraili daha çox tənqid etməyə başlayıb. Beynəlxalq Cinayət Məhkəməsi hətta HƏMAS-ın bir neçə komandiri ilə yanaşı, İsrailin baş naziri Benyamin Netanyahunun həbsi barədə order verib.
ABŞ prezidenti Donald Tramp iyulun 28-də Şotlandiyada səfərdə deyib ki, Qəzzada çox sayda insan aclıqdan əziyyət çəkir və ABŞ digər ölkələrlə birlikdə Qəzza əhalisinə daha çox humanitar yardım çatdırmaq üçün əməkdaşlıq edəcək.