Keçid linkləri

2025, 01 Avqust, Cümə, Bakı vaxtı 11:31

Talibanın qadağaları əfqanlar arasında intiharların artmasına səbəb göstərilir


Əfqanıstanda gözəllik salonundakı poster çıxarılır, iyul, 2023-cü il
Əfqanıstanda gözəllik salonundakı poster çıxarılır, iyul, 2023-cü il

Kabildən olan gənc qız Rəxşanə məktəbi tərk etməyə məcbur qalıb, çünki Taliban hökuməti ibtidai məktəbdən sonrakı təhsili qızlar üçün qadağan edib. Daha sonra o, ingilis dili dərsləri təklif edən özəl bir tədris mərkəzinə yazılıb. Lakin bu imkan da əlindən alınıb, belə ki, iyunnda Taliban bu mərkəzi bağlayıb.

Təhlükəsizliyə görə şərti ad qoyulan 18 yaşlı Rəxşanə gələcəklə bağlı plan və xəyallarının əlindən aldığını, öz həyatına qəsd etməyə cəhd etdiyini deyib.

"Tədris mərkəzi təhsil almaq üçün son ümidim idi. Onun bağlanması məndən ötrü dünyanın sonu oldu", - o, AzadlıqRadiosuna bildirib.

"Evdən tapdığım 12-15 həbi uddum. Ölmək istədim, amma təəssüf ki, sağ qaldım", - deyən Rəxşanə bu vəziyyətlə üzləşən yeganə şəxs deyil.

Əfqanıstan mediasının, yerli jurnalistlərin, fəalların və AzadlıqRadiosuna danışan sakinlərin bildirdiyinə görə, 2021-ci ilin avqustunda Talibanın hakimiyyətə qayıdışından sonra xüsusilə gənc nəsil arasında intihara cəhdlər və intihar halları artmaqdadır.

Əfqanıstanda intihar halları ilə bağlı rəsmi məlumat yoxdur və Kabildəki səlahiyyətlilər AzadlıqRadiosunun məsələ ilə bağlı çoxsaylı sorğularına cavab verməyib.

Araşdırma jurnalistikası ilə tanınan Əfqanıstan nəşri "Etilaat Roz"un məlumatına görə, 2022-ci ilin aprelindən 2023-cü ilin aprelinə qədər ölkədə azı 213 intihar hadisəsi baş verib. 2024-cü ildə isə Talibanın Daxili İşlər Nazirliyi 360 intihar hadisəsinin qeydə alındığını açıqlayıb ki, bu da artan tendensiyanı göstərir.

AzadlıqRadiosu bu rəqəmləri müstəqil şəkildə təsdiqləyə bilmir.

Əfqanıstanda intihar halları ilə bağlı rəsmi rəqəmlərin gerçək durumu tam əks etdirmədiyi bəllidir. Bunun əsas səbəbi dini və mədəni amillərlə bağlıdır. İslamda intihar qadağandır və günah sayılır. Bu səbəbdən intihar edən şəxslərin ailələri çox vaxt yaxınlarının ölüm səbəbini gizlədir, bu da statistikanın tam şəkildə aparılmasına mane olur.

Kişilərin intiharının arxasında duran əsas amil işsizlikdir

AzadlıqRadiosu son aylarda intihara cəhd etmiş bir neçə şəxslə və intihar edənlərin ailə üzvləri ilə danışıb. Hər kəsin özünəməxsus səbəbləri olsa da, hamısı ümidsizlik hissini və imkanların çatışmazlığını əsas amillər olaraq qeyd ediblər.

Əfqanıstanda insan haqları, təhlükəsizlik və siyasi vəziyyət haqqında məlumat toplayan "Əfqan şahidləri" layihəsi bildirir ki, işsizlik gənc kişilərin intiharlarında əsas səbəb kimi görünür.

"Əfqan şahidləri" layihəsinə görə, qadınlar arasında intiharların arxasında duran amillər daha mürəkkəbdir. Bir çox insidentlər məişət zorakılığı, məcburi nikahlar və Talibanın tətbiq etdiyi boğucu məhdudiyyətlərdən, məsələn, təhsilə qadağalardan qaynaqlanır.

Taliban qadınların ictimai çıxışlarını, kişi müşayiətçisi olmadan səyahət etməsini və qeyri-hökumət təşkilatlarında işləməsini də yasaqlayıb. Bu qadağalar onların gündəlik həyatında üzləşdiyi saysız-hesabsız məhdudiyyətlərdən yalnız bir neçəsidir.

"Valideynlərim məni zorakılıq edən ərimin yanına geri göndərib"

Kabilin Daşt-e Bərçi bölgəsinin 23 yaşlı sakini ərinin və onun valideynlərinin fiziki və mənəvi işgəncəsinə məruz qaldığından iyulun əvvəlində həyatına son qoymağa cəhd edib.

Məxfilik səbəbi ilə adının açıqlanmasını istəməyən bir uşaq anası olan bu qadını qonşusu xilas edib.

Qadın ümidsizliyə necə qapıldığını belə izah edir: "Evliliyimin əvvəlindən zorakılıqla üzləşdim. Valideynlərimin evinə qayıtdım, amma məni ərimin yanına qaytardılar".

Əfqanıstanda qadınlar onlara qarşı zorakılıq edən ərlərini tərk edib öz həyatlarını yenidən qura bilməzlər. Belə mühafizəkar cəmiyyətdə boşanma xoş qarşılanmır və ailələr nəyin bahasına olursa-olsun bundan qaçmağa çalışır.

Talibanın qadınlara qarşı repressiv qaydaları altında boşanmış bir qadının tək yaşaması, iş tapması və özünü dolandırması demək olar ki, mümkünsüzdür.

Həyata yenidən başlamaq perspektivi olmayan Dəşt-e Bərçidən olan qadın AzadlıqRadiosuna deyib ki, o, yaşadığı dözülməz zorakılıqdan yeganə çıxış yolu olaraq intiharı seçib.

Yerli media ölkənin cənubundakı Qəndəhar şəhərində təkcə iyulun ilk həftəsində dörd intihar hadisəsi olduğunu bildirib.

Özünü asaraq həyatına son qoymaq istəyən 5-ci şəxsi, 45 yaşlı kişini isə qonşuları xilas edib.

AzadlıqRadiosu həmin şəxslə əlaqə saxlayıb. Anonimlik şərti ilə danışan kişi işsizlik və yoxsulluq səbəbindən ailəsinə baxa bilmədiyini, bunun isə onu ümidsizliyə və intihara cəhdə sürüklədiyini bildirib.

Dörd uşaq atası olan bu şəxs dövlət məmurlarından, müxtəlif şirkətlərdən və agentliklərdən, özəl müəssisələrdən və hətta qonşularından ona "stənilən iş" tapmaqda köməklik etmələrini xahiş edib. Lakin onların heç biri bu şəxsə kömək etməyib.

"İş tapa bilmədim. Uşaqlarımı yedizdirmək üçün çörək də almağa pulum yox idi", - o deyib.

Heç bir dəstək yoxdur

İntihara cəhd edib sağ qalanlar üçün yardım almaq hələ də ciddi problemdir.

Fəalların sözlərinə görə, ölkədə daha effektiv intihar monitorinqi proqramlarına, icma əsaslı psixoloji dəstək xidmətlərinə və ehtiyac içində olan əfqanlara daha əlçatan onlayn məsləhət xidmətlərinə böyük ehtiyac var.

AzadlıqRadiosuna danışan intihardan sağ qalan üç nəfər bildirib ki, onlar peşəkar dəstək ala bilməyiblər, çünki sağ qalanlar və intihar düşüncələri ilə mübarizə aparanlar üçün heç bir yardım xətti yoxdur.

Kabildəki yeniyetmə qız deyib ki, onun yeganə müalicəsi şəkil çəkməkdir. Çünki bu məşğuliyyət ona mənfi düşüncələrdən yayınmağa kömək edir. Valideynləri də təkrar intihar cəhdinin qarşısını almaq üçün daimi onu izləyirlər.

Dəşt-e Bərçidəki ana və onun 4 yaşlı oğlu müalicə müəssisələri olmadığından hazırda onu xilas edən qonşusunun evində qalır.

"Həyatım xilas olunub, amma vəziyyətim dəyişməyib. Özümdən soruşuram ki, "indi nə olacaq?" və bu suala cavabım yoxdur", - qadın deyib.

Yazını Firuzə Əzizi və AzadlıqRadiosunun aparıcı müxbiri Fərəngiz Nəcibulla hazırlayıblar.

XS
SM
MD
LG