Keçid linkləri

2025, 02 Avqust, şənbə, Bakı vaxtı 08:18

Sloveniya İsraillə silah ticarətinə qadağa qoyan ilk Aİ ölkəsi olub


Sloveniya İsrailə silah idxalını, ixracını və tranzitini tamamilə dayandıran ilk Avropa İttifaqı (Aİ) ölkəsi olub. Sloveniya hökuməti yaydığı bəyanatda bu qərarı Qəzza zolağında davam edən münaqişə və Aİ daxilində vahid mövqenin olmaması ilə izah edib.

İsrail rəsmisi isə "Ynet"ə bildirib ki, İsrail ilə Sloveniya ticarət etmədiyindən embarqo “yalnız ictimaiyyət üçün” nəzərdə tutulub.

2024-cü ilin iyununda Sloveniya parlamenti Fələstin dövlətini tanıyıb. Bu ilin iyulunda isə Sloveniya İsrailin iki radikal sağçı nazirini, İtamar Ben-Qvir Bezalel Smotriçi "persona non-grata" elan edərək, onlara ölkəyə giriş qadağası qoyub. Onlar zorakılığı qızışdırmaqda və Fələstinin hüquqlarını pozmaqda ittiham olunublar.

Portuqaliya da Fələstini tanımaq niyyətindədir

Bu arada Portuqaliya hökuməti sentyabrda BMT-də “Fələstin dövləti”nin tanınması məsələsi ilə bağlı prezident və parlamentlə məsləhətləşmələr aparacaq.

Hökumətin yaydığı bəyanatda deyilir ki, Lissabon “Sentyabrda Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli görüşlərin keçiriləcəyi həftəsi ərzində tamamlana biləcək prosedur çərçivəsində Fələstin dövlətini tanımaq məsələsini nəzərdən keçirir”.

Bundan əvvəl Fransa, Böyük Britaniya, Kanada və bir sıra digər ölkələr Fələstin dövlətinin müstəqilliyinin tanınması prosesinə başlamağa hazır olduqlarını bəyan ediblər.

Almaniyanın xarici işlər naziri Yohann Vadeful isə İsraildə səfərdə olarkən deyib ki, Fələstin dövlətinin tanınması prosesi indi başlamalı, lakin tanınma iki dövlətli həll üzrə danışıqların sonunda baş verməlidir.

O, həmçinin İordan çayının qərb sahilinin mümkün ilhaqı da daxil olmaqla, İsrailin birtərəfli addımlarına Berlinin cavab verəcəyi barədə xəbərdarlıq edib.

İsrail hökuməti müstəqil Fələstin dövlətinin tanınması ideyasını kəskin tənqid edir, bunu israillilər üçün təhlükəsizlik təhdidləri sayır.

XS
SM
MD
LG