Keçid linkləri

2025, 01 Avqust, Cümə, Bakı vaxtı 11:38

Hərbi münaqişələr qlobal aviasiyanı yenidən şəkilləndirir  


'Tək adam 170 min dollara başa gəlir' - Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verir
Gözlə

No media source currently available

0:00 0:03:16 0:00

'Tək adam 170 min dollara başa gəlir' - Azərbaycan Rusiyanı beynəlxalq məhkəməyə verir

Səmada qlobal hava səyahətinin tanış marşrutları yoxa çıxır. Pilotların əvvəllər sadə qitələrarası marşrutlarla uçduğu yerlər indi sanki sınmış şüşəyə bənzəyir. Pilotlar belə bir səmada hərəkət edirlər — milyonlarla uçuş dar və tıxaclı hava dəhlizlərinə sıxışdırılıb. Eyni zamanda, hava məkanının böyük sahələri ya boşdur, ya da raketlər və pilotsuz uçuş aparatları ilə doludur.

Bu dəyişiklik təsadüfi deyil. Son illərdə müharibələrin, regional qarşıdurmaların və hərbi gərginliklərin artması dünya səmasını Soyuq Müharibədən bəri heç olmadığı qədər təhlükəli və gözlənilməz vəziyyətə gətirib. Rusiyadan Yaxın Şərqə və Afrikanın müxtəlif bölgələrinə qədər "uçuşa qadağan olunmuş zonalar"ın sayı çoxalıb. Bu fakt isə beynəlxalq aviasiyanı böhrana salıb və hava nəqliyyatı ilə bağlı iqtisadiyyatı, təhlükəsizliyi və karbon izini yenidən formalaşdırıb.

Rusiyanın hava xaosu: Yeni norma

2025-ci ilin iyul ayının əvvəlində Rusiyadakı hava limanlarında xaos baş verib. Təkcə iyulun 5-6-da Ukrayna dronlarının hücumlarının artması nəticəsində Rusiyanın hava məkanının böyük bir hissəsi bağlanıb və nəticədə 2 mindən çox reys ləğv edilib və ya gecikib.

Moskvanın Şeremetyevo hava limanında sərnişin Tatyana vəziyyəti "faciə" kimi təsvir edib. O deyib ki, gözləmə zalları dolub-daşırdı, insanlar döşəmədə uzanmışdı və içməli su kimi əsas ehtiyaclar tükənmişdi.

Şeremetyevo aeroportu, 28 iyul, 2025-ci il
Şeremetyevo aeroportu, 28 iyul, 2025-ci il

"Oturmağa yer yox idi, insanlar kafel döşəmənin üstündə yatırdılar", - deyə o bildirib.

Sankt-Peterburqdakı Pulkovo hava limanının bağlanmasından sonra qatar biletləri tükəndiyindən taksi sürücüləri Moskvaya gediş üçün 80 min rubla (1025 dollar) qədər pul tələb ediblər. Təkcə iyulun 6-da Şeremetyevo hava limanında 15 mindən çox sərnişin uça bilməyib, Kaluqa, Tambov və Pskovdakı kiçik hava limanları isə fəaliyyətlərini dayandırıb.

Rusiya müdafiə rəsmiləri həmin gecə 120-yə qədər pilotsuz uçuş aparatını (PUA) məhv etdiklərini iddia ediblər, onlardan bir neçəsinin Moskvadan cəmi bir neçə kilometr aralıda vurulduğu bildirilib. Səlahiyyətlilər hava məkanının təkrar-təkrar bağlanmasının səbəbi kimi "xarici müdaxilə"ni göstəriblər ki, bu isə artıq adi hal alıb. Rusiyanın 2022-ci ildə Ukraynaya genişmiqyaslı hücuma başlamasından bəri ölkədə təhlükəsizlik səbəbilə hava limanlarının fəaliyyəti 600 dəfə müvəqqəti dayandırılıb.

Səmada çıxılmaz vəziyyətdə

Lakin hava limanında çıxılmaz vəziyyətdə qalmaq nə qədər çətin olsa da, səmada bu vəziyyətlə üzləşmək daha dəhşətlidir. 2025-ci ilin iyun ayında Qətərdə yerləşən ABŞ-nin Əl-Udeyd hava bazasına İranın raket hücumundan sonra qonşu ölkələr hava məkanlarını dərhal bağlayıb. Pertdən Parisə uçan "Qantas" reysi 15 saat havada dövrə vurduqdan sonra eniş etmədən yenidən Avstraliyaya qayıdıb. Digər bir təyyarə isə marşrutunu dəyişərək Sinqapura yönləndirilib.

2025-ci ilin mayında Hindistanla Pakistan arasında yaşanan gərginlik də bu regionda əsas hava dəhlizlərinin bağlanmasına səbəb olub. Avropa ilə Cənub-Şərqi Asiya arasındakı reyslər daha uzun və bahalı marşrutlara yönləndirilib. Uçuş müddətləri 10 saata qədər uzanıb, təyyarələrin tanımadıqları hava limanlarında yanacaq üçün eniş etməsi adi hala çevrilib.
"Flightradar24"ün məlumatlarına görə, pilotlar artıq "çox sıx" hava dəhlizləri ilə üzləşirlər. Bu, təyyarələrlə dolu dar keçidlərdir, hər iki tərəfdə isə uçuşa qadağan zonaları yerləşir. Bu tıxacda uçmaq toqquşma riskini əhəmiyyətli dərəcədə artırır, bu arada çox yüklənmiş hava nəqliyyatı dispetçerləri mürəkkəb loqistika tapşırıqlarını icra edirlər.

Qırmızı dəniz üzərində, Liviya, Sudan, Suriya və Saharaaltı Afrikanın bəzi bölgələri üzərində təhlükəsizlik narahatlıqları səbəbindən uçuşlar getdikcə daha çox istiqamət dəyişir. Münaqişə bölgələrində hava hərəkətinə nəzarət ya zəif işləyir, ya da ümumiyyətlə mövcud deyil. Pilotlar isə köhnəlmiş və ya alternativ kanallardan istifadə edərək havada dolama yolları əlaqələndirməlidirlər.

Ətraf mühitə və iqtisadiyyata təsiri

Bütün bu marşrut dəyişiklikləri əhəmiyyətli ekoloji fəsadlara səbəb olur. Böyük Britaniyadakı Reading Universiteti və Fransadakı Pierre-Simon Laplace İnstitutunun son araşdırmasına görə, təkcə Rusiya hava məkanından yayınmaq bir il ərzində atmosferə əlavə 8,2 milyon ton karbon qazı (CO₂) buraxılmasına səbəb olub. Bu reyslər orta hesabla 13 faiz daha çox yanacaq sərf edib. Ən kəskin artım isə Avropa-Asiya və Şimali Amerika-Asiya istiqamətlərində müşahidə olunub.

Dublin City Universitetinin aparıcı aviasiya tədqiqatçısı Viktoriya İvannikovanın 2024-cü ildə apardığı ayrıca araşdırma göstərib ki, Avropadan Asiyaya yönləndirilən uçuşların yanacaq xərcləri 39 faizədək artıb, karbon qazı emissiyası isə 40 faizədək çoxalıb. Bu isə artıq karbon izini azaltmaq təzyiqi altında olan sənaye üçün çox ağır nəticələrdir.

Səma müharibələrində qaliblər və məğlublar

Çin hava yolları Rusiya hava məkanına çıxış fürsətindən istifadə edir. Onların Avropadan Asiyaya marşrutları daha sürətli və sərfəlidir. Çin hava yolları şirkətləri Qərb rəqiblərini sıxışdıraraq bazardan çıxarır.
"British Airways" hətta 2024-cü ilin yayında ağır itkilər səbəbindən London–Pekin və gündəlik London–Honq Konq uçuşlarından birini ləğv edib.

Helsinkinin milli aviadaşıyıcısı olan "Finnair" Avropa ilə Asiyanı birləşdirən üstünlüyünü itirib. Əvvəllər "Juneyao Airlines" ilə Şanxaya 9 saata başa gələn uçuş, indi "Finnair" ilə 12 saatdan çox çəkir.

Hətta ABŞ-də belə, aviaşirkətlər bu gərginliyi hiss edirlər. Məsələn, "United Airlines" əvvəllər 13 saatlıq birbaşa Delhi–Nyuvark marşrutunu, Rusiya hava məkanının bağlanması səbəbindən Avropa və Yaxın Şərq üzərindən keçən 15 saatlıq səyahətlə əvəzləyib. Bu adaptasiya çətinliklərə cavab olsa da, həm də aviasiya sənayesinin dayanıqlılığının və çevikliyinin göstəricisidir.

"Air India" qısa müddətlik üstünlük qazansa da mübahisəli ərazi sayılan Kəşmirdə 2025-ci ilin aprelində baş vermiş terror hücumunun ardınca Pakistanın hava məkanına qoyulan məhdudiyyətlərdən sonra təsir imkanlarını itirib.

Səmadakı raketlər

Müharibələrin yaxınlığındakı regionlarda səma artıq yalnız kommersiya təyyarələrinə aid deyil. Hərbi fəaliyyət birbaşa mülki hava marşrutları ilə kəsişir. Fevralda Çin Tasman dənizində əvvəlcədən xəbərdarlıq etmədən hərbi-dəniz təlimləri keçirib. "Virgin Australia" şirkətinin pilotu istifadədə olmayan radio tezliyində xəbərdarlığı təsadüfən eşitdikdən sonra, kommersiya təyyarəsi havada olarkən marşrutunu dəyişmək məcburiyyətində qalıb.

2024-cü ilin dekabrında Rusiyanın hava hücumundan müdafiə sistemi Azərbaycanın AZAL-a məxsus təyyarəsini təsadüfən vurub və təyyarə Qazaxıstanın Aktau yaxınlığında düşüb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Başqa bir nümunə isə Qırğızıstanla bağlıdır. Belə ki, bu ölkənin icarəyə götürdüyü yük təyyarəsi Sudanda onu hərbi təchizat təyyarəsi hesab edən üsyançılar tərəfindən vurulub.

Bunlar ayrı-ayrı, təsadüfi hadisələr deyil. 2020-ci ildə İran tərəfindən vurulan "Ukraine International Airlines"in PS752 reysi və 2014-cü ildə Ukrayna üzərində Rusiyanın verdiyi raketlə məhv edilən "Malaysia Airlines"in MH17 reysi bu təhlükənin real olduğunu göstərən açıq siqnallar idi. Hər iki faciə göstərib ki, kommersiya təyyarələri getdikcə daha çox münaqişələrin "əlavə itkisi"nə çevrilmək riski ilə üz-üzə qalır.

Bir vaxtlar sürət, təhlükəsizlik və əlaqələnmə möcüzəsi olan qlobal hava nəqliyyatı sistemi indi geosiyasi maraqların mürəkkəb şəbəkəsinə bənzəyir. Hər yeni münaqişə xəritəni yenidən formalaşdırır. Səmanın bağlanması, marşrutların dəyişdirilməsi, hava məkanının rədd edilməsi gecikmələri, emissiyaları və xərcləri artırır.

Yazını AzadlıqRadiosunun postsovet məkanı üzrə ixtisaslaşmış aparıcı müxbiri Merhat Şaripjan və AzadlıqRadiosunun Rusiya xidməti hazırlayıb.

XS
SM
MD
LG