Keçid linkləri

2025, 01 Avqust, Cümə, Bakı vaxtı 11:27

Azər Qasımlının məhkəməsində zərərçəkmiş kimi tanınan şəxs ifadə verib


Azər Qasımlı
Azər Qasımlı

Siyasi Menecment İnstitutunun direktoru, 8 aydır həbsdə olan politoloq Azər Qasımlının işi üzrə zərərçəkmiş qismində tanınan Qurbanəli Yusifov iyulun 30-da Bakı Ağır Cinayətlər Məhkəməsində dindirilib.

Tanışlıqlarının Real partiyasından başladığını, hətta A.Qasımlı partiyadan gedəndən sonra da münasibətlərinin davam etdiyini deyən Q.Yusifovun sözlərinə görə, özü illərdir kriptovalyuta sahəsinə bələd idi. Bunu bilən politoloq həmin sahəyə yatırım etmək qərarı verib:

“Mənim Azər Qasımlıya borcum olmayıb, ondan pul almamışam. Bizim kriptovalyuta sahəsində işbirliyimiz olub. 20 min dollar yatırım edib. 2020-ci ildə müharibə dövründə əvvəl 500 dollar ziyan elədi. Ziyan elədikcə, münasibətlər gərginləşdi. Ziyanın əvəzində məndən bitkoin tələb edirdi”.

Zərərçəkmiş iddia edib ki, A.Qasımlı ona təzyiq altında 45 min dollar borcu olması barədə sənədə imza atdırıb. Deyir ki, bir müddət sonra təzyiqlər üzündən ölkəni tərk etsə də, telefon vasitəsiylə ailə üzvləriylə, o cümlədən uşağını qaçırmaqla hədələyib. Onun sözlərinə görə, 4 min dollar qaytarsa da, qalan pulu verə bilməyib.

Bununla belə, Q.Yusifov kriptovalyuta əməliyyatlarındakı ziyanın əvəzinin niyə ondan tələb edilməsi, 20 min dollara görə 45 min dollar istənilməsi kimi məsələləri izah etməyib.

Təqsirləndirilən politoloq özü və vəkilləri Q.Yusifova onun səsləndirdiyi ittihamlarla əlaqədar növbəti məhkəmə iclasında suallar ünvanlayacaqlar. Növbəti məhkəmə iclası isə sentyabrın 10-na təyin olunub.

Q.Yusifov politoloqa borclu olmadığını desə də, Mingəçevir Şəhər Məhkəməsinin bu barədə qərarı var. A.Qasımlının vəkilləri həmin məhkəmədən iclas protokolları, həmçinin görüntülərin alınmasını xahiş edirlər. Vəkillər bildirir ki, məhkəmədə Q.Yusifov A.Qasımlıya borclu olduğunu etiraf edib.

Xatırlatma

Azər Qasımlı 2024-cü il dekabrın 8-dən həbsdədir. Ona qarşı Cinayət Məcəlləsinin 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddədə 5 ildən 10 ilədək həbs cəzası nəzərdə tutulub.

Məhkəmədə bu ittihama münasibət bildirən A.Qasımlı deyib ki, orada yazılanların heç biri həqiqətə uyğun deyil:

“Onu ittiham aktı yox, özümə qarşı antiittiham adlandırardım. Özümü nəinki təqsirli bilmirəm, hətta zərərçəkmiş hesab edirəm”.

Politoloq həbsini tənqidi fəaliyyəti ilə əlaqələndirir və həbsindən öncə ölkədən çıxışının yasaqlandığına da diqqət çəkir.

XS
SM
MD
LG