Neft Fondu daşınmaz əmlaka investisiyalardan zərər edib

Dövlət Neft Fondu

Azərbaycan Dövlət Neft Fondu (ADNF) daşınmaz əmlaka qoyduğu investisiyalardan zərər görüb.

Bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin icrası haqqında iyulun 30-da açıqladığı rəyində bildirilir.

Rəyə görə, ADNF-in daşınmaz əmlak komplekslərinə investisiyaların ümumi dəyəri ötən ilin sonunda 3 milyard 537,7 milyon ABŞ dolları təşkil edib. Fond London şəhərinin West End səmtində, Seynt Ceyms 78 ünvanında ofis kompleksinə, Moskva şəhərinin biznes mərkəzi “Tverskaya 16” ünvanında “Qalereya Aktyor” ofis-ticarət mərkəzinə, Paris şəhərinin Vandom meydanı 8 ünvanında daşınmaz əmlak kompleksinə və Tokio şəhərində yerləşən ticarət mərkəzinə investisiya edib.

Sənəddə qeyd edilib ki, daşınmaz əmlak alt portfelinin 2024-cü ildə gəlirliliyi -2,9 faiz təşkil edib. Daşınmaz əmlak alt portfelinin tərkibində müştərək investisiyalar üzrə gəlirlilik isə -11,4 faiz olub.

Amma ümumi gəlirlərdə artım var. Qurumun 2024-cü il üçün təsdiqlənmiş büdcəsində vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 3 milyard 131,9 mln. manat proqnozlaşdırılıb. 12 aylıq icra göstəricilərinə əsasən onun vəsaitlərinin idarə edilməsindən 5 milyard 795,3 mln. manat və ya 3 milyard 409,0 mln. ABŞ dolları (və ya 6,0%) gəlir əldə edilib.

Neft fondunun ötənilki ümumi gəliriləri də artıb. Fondun ehtiyatları 56 milyard dollardan 60 milyarda çatıb. Əsas gəlirlər isə neft və qaz satışından əldə edilib.

ADNF 1999-cu ildə yaradılıb, ora vəsaitlər, əsasən, 2001-ci ildən köçürülməyə başlayıb. Onun yaradıldığı vaxtdan ötən ilin sonuna kimi ümumi gəlirləri 207.3 milyard ABŞ dolları təşkil edib.

Fondun hesabatlarında ona daxil olan vəsaitlərdən böyük bir hissəsinin dövlət büdcəsinə, beynəlxalq və yerli layihələrin maliyyələşməsinə ayrıldığı açıqlanıb. Amma müxalifət partiyaları iddia edirlər ki, həmin vəsaitlərin bir hissəsi korrupsiyanın yemi olub. Rəsmilər belə iddiaları qərəzli sayırlar.